Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Bu gün Azərbaycan müstəqil dövlətdir. Dünyada çoxsaylı müstəqil dövlətlər var. Amma onların heç də hamısı iqtisadi cəhətdən müstəqil deyillər. Bu gün Azərbaycan öz iqtisadi müstəqilliyini təmin edən və dinamik inkişaf edən bir dövlətdir. Bu nailiyyət heç də dövlətimizə, xalqımıza asan başa gəlməmişdir.

Azərbaycan qlobal dünya böhranı illərində öz dinamik inkişafının davam etdirmişdir. Düşünülmüş, qabaqlayacı tədbirlər, qanunvericilik bazasının möhkəmləndirilməsi, milli maraqların qorunması istiqamətində atılan cəsarətli addımlar ölkə iqtisadiyyatının ahəngdar fəaliyyəti üçün mühüm rol oynamışdır.

İnkişafın Azərbaycan modelinin uğurla reallaşması ölkədə azad bazar münasibətlərinə əsaslanan yeni iqtisadi sistemin formalaşmasını, iqtisadiyyatda keçid dövrünün başa çatmasını təmin etmiş, xalqın daha firavan yaşaması üçün güclü əsaslar yaratmışdır.

Əziz dostlar! 2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur, Azərbaycan 2014-cü ildə də böyük uğurlara imza atmışdır. Ümumiyyətlə, son 10 ildə Azərbaycan iqtisadiyyatının inkişafında baş verən kəmiyyət, keyfiyyət dəyişiklikləri miqyası və nəticələrinə görə, sözün əsl mənasında, müstəqilliyimiz tarixində analoqu olmayan nailiyyətlər kimi qiymətləndirilə bilər. Bu dövrdə ölkənin inkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşmış, Azərbaycan regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrilmişdir.

2014-cü il ölkəmizdə sənaye ili elan olunmuşdur. Azərbaycan hökuməti innovasiyalı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atır. Bu istiqamətdə yeni yaradılan strukturlar daha təkmil funksiyalara malik olacaq, ölkə iqtisadiyyatının sürət və proporsiyalarının optimallığının təmin edilməsi üçün zəruri olan iqtisadi metod və mexanizmlərdən səmərəli istifadə olunmasına, iqtisadi strukturlar arasında koordinasiyanın təkmilləşdirilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir. Çünki, qloballaşan dünya iqtisadiyyatı, rəqabət mübarizəsinin kəskinləşdiyi şəraitdə ölkənin gələcəyə hədəflənmiş inkişaf strategiyasının hazırlanması daha dəqiq metodologiyaya, elmi araşdırmaların nəticələrinə əsaslanmalıdır.

Biz qloballaşan dünyada yaşayırıq. Bu gün etiraf  edilməlidir ki, qloballaşmanın üstünlükləri ilə yanaşı mənfi nəticələri də vardır. Dünyanın aparıcı alimlərinin professional mütəxəssislərinin fikrincə davamlı və keyfiyyətli inkişaf üçün təkcə makroiqtisadi sabitlik, az inflyasiya, minimal büdcə kəsiri kifayət deyil. İqtisadi inkişafda əsas məsələlərdən biri maliyyə sektoru ilə real sektor arasında tarazlığın təmin edilməsidir.

Azərbaycan dövləti müstəqil, milli maraqların qorunmasına, iqtisadi müstəqilliyin təmin edilməsi, sosial həyatın yaxşılaşmasına xidmət edən pul-kredit siyasəti aparır. İqtisadi sahədə uğurlarımızı, iqtisadi təhlükəsizliyi şərtləndirən amillərdən biri də ondan ibarətdir ki, ölkənin maliyyə, pul-kredit sistemi əlaqəli şəkildə inkişaf edir.

 Dünya iqtisadiyyatında baş verən hadisələr də sübut edir ki, maliyyə, pul-kredit münasibətlərinin səmərəli dövlət tənzimlənməsi olmadan bir çox problemlərin həlli qat-qat çətin olardı. Qlobal dünya iqtisadi böhranı tüğyan etdiyi illərdə bir çox ölkələrdə milli valyutanın məzənnəsi ciddi dəyişikliklərə məruz qalırdı ki, bu prosesdə milyonlarla insanların həyat şəraiti pisləşdi. Azərbaycanda artıq neçə illərdir ki, manatın məzənnəsi sabit olaraq saxlanılır ki, bu da əhalinin ildən-ilə artan pul gəlirlərinin qorunması deməkdir. Hökumətin, Mərkəzi Bankın inflyasiyanın idarə edilməsi ilə bağlı səmərəli, iqtisadi üsulları, metodları vardır ki, bu da özünü ilk növbədə əhalinin gəlirləri və istehlak qiymətlərinin dinamikasında göstərir. Təbii ki, sürətli inkişaf olan yerdə inflyasiyasız keçinmək çətindir, eyni zamanda inkişaf inflyasiyasının optimal səviyyədə saxlanılması obyektiv zərurətdir.

Ölkənin iqtisadi potensialının güclənməsində dövlət büdcəsinin rolu artmış, onun qarşıya qoyulan cari və strateji vəzifələrinin yerinə yetirilməsində iştirak imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir. Azərbaycan hökuməti, onun müvafiq strukturları haqlı olaraq ölkənin ali iqtisadi maliyyə sənədi hesab edilən Dövlət büdcəsi layihəsini hazırlayarkən dünyada hələ də davam edən maliyyə-iqtisadi böhranının ehtimal olunan təsirləri obyektiv qiymətləndirir, ölkəmizin davamlı inkişafının maliyyə təminatının daha da yaxşılaşdırılması üçün əlavə tədbirlər nəzərdə tutulur. 

Nəhayət qeyd etmək istəyirəm ki, müasir dövrdə inkişaf etmiş dünya ölkələrində, o cümlədən Azərbaycanda biznes mühitinin səmərəliliyinin və şəffaflığının yüksəldilməsində maliyyə nəzarətinin yeni keyfiyyət tələbləri nəzərə alınmaqla, təşkili milli, qlobal inkişaf problemlərinin həlli baxımından əhəmiyyət kəsb edir. Azərbaycanda  maliyyə idarəetmə mexanizmlərinin təşkilinin beynəlxalq standartlara uyğunlaşdırılması, kadr potensialının yeni iqtisadi sistemin tələblərinə uyğun təkmilləşdirilməsi vacib məsələlərdəndir.

Bu baxımdan Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) fəaliyyətini xüsusilə məqsədəuyğun hesab edirəm. Nəzərə alsaq ki, ölkəmiz dünyaya inteqrasiya edir, əlbəttə bu təqdirdə biz müasir tələblərə cavab verən kadr potensialının yetişməsini ön plana çəkməliyik. Mən sizin kollektivinizə bir daha öz səmimi təbriklərimi çatdırıram. Hər birinizə cansağlığı, xoşbəxtlik və səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Bir daha xalqımızı bu gözəl bayramlar – 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri,

akademik  Ziyad Səmədzadə